AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universiteti tələbələri üçün "Açıq qapı" günü keçirilib
Apr 28, 2025 | 09:22 Maraqlı məlumatlar

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ) nəzdində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası Bakı Dövlət Universitetinin tələbələri üçün İnstitutun akt zalında "Açıq qapı" günü təşkil edib. Tələbələrə Geologiya və Geofizika İnstitutunun tarixi inkişaf yolu, elmi-tədqiqat istiqamətləri, fəaliyyət göstərən şöbələri, eləcə də beynəlxalq və respublika səviyyəli reallaşdırılmış elmi layihələr və tədbirlər haqqında geniş məlumat verilib. 


Daha sonra GGİ mütəxəssislərinin müşayiəti ilə Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi, Neftin geokimyası laboratoriyası, Geoloji materialların texniki emalı şöbəsi və Geoloji-mineraloji muzeylə yaxından tanışlıq reallaşdırılıb.  Tələbələr laboratoriyalarda aparılan son tədqiqat metodları, istifadə olunan müasir cihazlar və elmi-texniki nailiyyətlər barədə ətraflı məlumat əldə ediblər. "Açıq qapı" günü ərzində tələbələrin sualları cavablandırılıb.


Sonda tədbir iştirakçıları ilə xatirə fotoları çəkilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023