AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AİB nümayəndələri Coğrafiya İnstitutunda olublar
Apr 08, 2025 | 14:20 Görüşlər

Buzlaqlardan təsərrüfatlara (G2F) proqramı üzrə Yaşıl iqlim Fondu   (GCF) Missiyası çərçivəsində aprelin 7-10  tarixlərində Azərbaycana səfər edən  İqlim dəyişmələri risklərinin idarə olunması üzrə Asiya İnkişaf Bankının (AİB) nümayəndələri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda    Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudovla görüşüblər.

Yerli məsləhətçi Leyla Muradova və tərcüməçinin müşayiəti ilə tədbirdə iştirak edən Pegasys International şirkətinin məsləhətçisi Arran Dann və İqlim Dəyişikliyi Risk İdarəetmə Konsaltinq şirkətinin müstəqil məsləhətçisi Metyu Uilson bildiriblər ki, AİB kənd təsərrüfatı və buzlaqlar istiqamətində müxtəlif proqramlar işləyir ki, bu günkü görüş həmin proqramlardan biri olan iqlim riskləri ilə bağlıdır. Məqsəd iqlim riski və adaptasiya ehtiyacları üzrə əhatəli məlumatın toplanması, məlumat boşluqlarının, siyasət və idarəetmə problemlərinin, eləcə də potensial ehtiyacların qiymətləndirilməsidir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin və keçmiş Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləmiş, hazırda şöbədə də elmi tədqiqatlarını davam etdirən   prof. Rza Mahmudov iqlim dəyişmələrinin ətraf mühitə, o cümlədən buzlaqlara təsiri, bu istiqamətdə görülən tədbirlər, alternativ su mənbələrinin araşdırılması və sairdən danışıb. Alim Respublikada və Coğrafiya İnstitutunda bu sahədə aparılan işlər haqqında geniş məlumat verib, qonaqları maraqlandıran kitabların ingilis variantını onlara hədiyyə edib.

Sonda AİB nümayəndələri prof. R.Mahmudovu aprelin 9-da Asiya İnkişaf Bankında keçiriləcək görüşdə iştirak etməyə dəvət ediblər.

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023