Jun 20, 2024 | 13:31 Yeni nəşrlər
Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin “Axtarışlar, həqiqətlər və ehtimallar” kitabı dərc edilib.
Bu münasibətlə Coğrafiya İnstitutunda təqdimat mərasimi keçirilib. Kitabın elmi redaktoru İnstitutun baş direktoru professor Zakir Eminov, rəyçilər professor Rza Mahmudov və dosent Nəriman Paşayevdir.
Professor Zakir Eminov tədbiri giriş sözü ilə açaraq kitab haqqında ümumi məlumat verib. Bildirib ki, R.Fətəliyev mütəmadi olaraq dövri mətbuatda və internet saytlarında müxtəlif məzmunlu elmi-publisistik və publisistik məqalələri ilə çıxış edir. Müəllif bir ənənə olaraq təbiət, təbiət hadisələri, onların başvermə səbəbləri, elmin coğrafiya, geologiya, ekologiya, tarix və toponimika kimi sahələri ilə bərabər, şəxsən iştirak və müşahidə etdiyi hadisələr haqqında maraqlı yazılar təqdim edir.
Sonra R.Fətəliyev təqdimatla çıxış edərək kitab haqqında ətraflı məlumat verib. Bildirilib ki, oxuculara təqdim edilən “Axtarışlar, həqiqətlər və ehtimallar” kitabı müəllifin 3-cü monoqrafiyası olaraq 7 fəsildən ibarətdir. Birinci və ikinci fəsillər qlobal istiləşmə, Xəzər dənizi, geoloji problemlər, üçüncü, dördüncü və beşinci fəsillər ətraf mühit, tarix və təbiət abidələri, təbiət hadisələri, toponimlər, altıncı fəsil son illərdə bütün dünyanı narahat edən koronovirus, onun səthi də olsa baş vermə, yayılma səbəblərinin təhlilinə həsr edilib. Kitab “Ədəbi-bədii düşüncələr” fəsli ilə tamamlanır. Bu fəsildə müəllifin həyata, ətraf mühitlə həyat arasında görünən-görünməyən sirli bir dünyanın poetik bənzətmələrlə izahına cəhd edilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.