AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan seysmoloqları Böyük Britaniyada səfərdədirlər
Apr 25, 2024 | 12:37 Mühüm hadisələr

Böyük Britaniyanın Oksford Universiteti Yer Elmləri Departamentinin dəvəti ilə Azərbaycan seysmoloqlarından ibarət nümayəndə heyəti Böyük Britaniyada səfərdədir.

Səfərdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AMEA-nın müxbir üzvü professor Rəşid Cavanşir, RSXM-nin Elmi işlər üzrə müavini texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov iştirak edirlər.

Səfərdən məqsəd Böyük Britaniya Tədqiqat Şurası tərəfindən maliyyələşdirilən toplantı çərçivəsində mövcud birgə işlərin nəticələrini təqdim etmək, zəlzələ təhlükəsi ilə bağlı birgə tədqiqatların gələcək istiqamətlərinin müzakirəsi, həmçinin regionda daha geniş əməkdaşlıq potensialının təhlilidir.  

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Böyük Britaniyanın Oksford Universiteti arasında birgə seysmoloji və paleoseysmoloji tədqiqatlar aparılır. Bu məqsədlə Oksford Univeristetinin nümayəndələri bir neçə dəfə Azərbaycanda səfərdə olublar. Resbublika seysmoloqlarından ibarət nümayəndə heyətinin səfəri də birgə tədqiqatların davam etdirilməsi istiqamətində keçirilən işgüzar görüşlərlə bağlıdır. Belə ki, Oksford Universitetinin professoru Riçhard Voalker və London İmperial Kollecinin əməkdaşı Dylan Rood Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatlar haqqında məruzələr təqdim ediblər.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin apardığı birgə tədqiqatların nəticələrini isə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təqdim edib.

Səfər davam edir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023