AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub
Mar 27, 2024 | 17:49 Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elm Günü və Günün elmi: Humanitar tədqiqatlar və süni intellekt” mövzusunda giriş nitqi dinlənilib. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib.

AMEA-nın ötən 80 ilə yaxın müddətdə şərəfli inkişaf yolu keçdiyini deyən akademik İsa Həbibbəyli bu inkişafın təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Sovet hakimiyyəti illərində Heydər Əliyevin təşəbbüsü ilə Elmlər Akademiyasının maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, elmi tədqiqatların ölkə həyatı ilə əlaqələndirilməsi üçün geniş imkanlar yaradılıb. Müstəqillik illərində isə Ümummilli Liderin Fərmanı ilə 2003-cü ildə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verilib.

Tədbirdə ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatları təqdim olunub.

Akademik Akif Əlizadə çıxış edərək Elm günü münasibətilə elmi ictimaiyyətə təbrik edib, dövlət başçısının daim Azərbaycan elminə, Milli Elmlər Akademiyasına qayğı göstərdiyini, elm xadimlərinin təkliflərinə daim diqqətlə yanaşdığını deyib, təltif olunanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı və Fəxri fərmanları şuranın sədri Eldar Quliyev tərəfindən elm xadimlərinə təqdim edilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək Prezident İlham Əliyevin Elm Gününün təsis edilməsi haqqında müvafiq Sərəncamının Azərbaycan elminə, təhsilinə böyük diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, əlamətdar gün münasibətilə elmi ictimaiyyəti təbrik edib. Turxan Süleyman elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, 2023-cü il noyabrın 28-də ölkə başçısının imzaladığı Sərəncamla Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, bu qərar bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq. O, alimləri və gənc tədqiqatçıları Qarabağ Universiteti ilə əməkdaşlığa dəvət edib.

Daha sonra elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

Sonda Azərbaycan Milli Elmlər Akademiyasının Marşı səsləndirilərək tədbirə yekun vurulub.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023