AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Rusiyalı alimlər Coğrafiya İnstitutunda
Feb 02, 2024 | 14:59 Görüşlər

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzi (BTİ BMMTM) arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən Mərkəzin bir qrup elmi işçisi Coğrafiya İnstitutunda  olub. 

Səfərdən əsas məqsəd elmi-tədqiqat işlərinin inteqrasiyası, elm və təhsil sahəsindəki işlər, ali məktəb tələbələri üçün yeni dərsliklərin, atlas və albomların hazırlanması, eləcə də əməkdaşlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi olub. 

Səfərin ilk günü “Siyasi və elektoral coğrafiya” mövzusunda elmi seminar keçirilib. Tədbirdə moskvalı qonaqlar və Cİ əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin professorları Çingiz İsmayılov və Aydın İbrahimov, BDU-nun müəllimi  c.ü.f.d. Emin Ələkbərli və  Cİ-nin dissertantı  Aslan Babaxanov da iştirak edib. 

Baş direktor professor Zakir Eminov qonaqları salamlayaraq giriş nitqi ilə çıxış edib, iki müəssisə arasında uğurla davam edən işlərdən danışıb.

Qonaqların nümayəndə heyətinin rəhbəri, BTİ BMMTM-nin direktoru İqor Okunev çıxış edərək elmi seminara dəvətə görə Z.Eminova təşəkkürünü bildirib, Bakının gəzərkən aldıqları xoş təəssüratı iştirakçılarla bölüşüb. Müəssisə rəhbəri “Политическая и электоральная география: потенциал использования геоинформационного моделирования и пространственного статистического анализа” (Siyasi və seçki coğrafiyası: geoinformasiya modelləşdirməsi və məkan statistik təhlilindən istifadə potensialı) mövzusunda məruzə edib və özü ilə gətirdiyi müəllif kitablarını Coğrafiya İnstitutuna hədiyyə edib.

Sonra seminarın proqramına uyğun olaraq 7 mövzuda ətraflı məruzə dinlənilib

Maraqlı seminar məruzələr ətrafında gedən fikir mübadiləsi ilə başa çatıb. Seminarda həmçinin Türkiyə-Azərbaycan-Rusiya coğrafiyaçılarının birgə iştirakı ilə distant formatda elmi seminar keçirilməsi təklifi qəbul edilib.

İnstitut əməkdaşlarının müşayiəti  ilə qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər ediblər. Muzeydə onlar insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələrindən bəhs edən incəsənət nümunələri ilə yaxından tanış olub, Böyük Daş, Kiçikdaş, Cingirdağdakı Yazılı təpə, Şonqar və Şıxqaya dağları ilə bağlı maraqlı məlumatlar əldə ediblər,

Səfərin üçüncü günü İnstitutun konfrans zalında dəyirmi masa təşkil edilib. Rus alimləri  elmi diskussiyaya qoşularaq müasir dövrümüzdə coğrafiya elmi sahəsində olan qabaqcıl tendensiyalar və yaranan problemləri qarşılıqlı konteksdə öyrənməyə çalışıb, Coğrafiya İnstitutunun yeni nəşr olunmuş elmi monoqrafiyaları, dərslik və atlasları ilə yaxından tanış olublar.  

Sonda iştirakçılar kollektiv xatirə fotosu çəkdiriblər.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023