AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Spartakiadada seysmoloqların komandası çempion olub
May 08, 2023 | 15:45 Maraqlı məlumatlar

AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiada çərçivəsində keçirilən futbol yarışında AMEA nəzdində RSXM-in futbol komandası çempion olub.

Mayın 8-də keçirilən final mərhələsində RSXM komandası AMEA-nın Azad Həmkarlar İttifaqının komandası ilə qarşılaşıb.  Hər iki komandanın üzvləri çempion titulunu qazanmaq üçün gərgin mübarizə aparıblar. 

Final qarşılaşması 2:1 hesabı ilə RSXM komandasının qələbəsi ilə başa çatıb. İkinci yerə AMEA-nın Azad Həmkarlar İttifaqının komandası, üçüncü yerə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu komandaları çıxıb. Oyundan sonra RSXM-nin komandasına çempion kubokunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edərək seysmoloqları təbrik edib.

Təqdimetmə mərasimində AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və digər elmi müəssisə və təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, RSXM əməkdaşları bundan əvvəlki illərdə də ölkəmizdə keçirilən müxtəlif idman növləri üzrə yarışlarda yüksək nəticələr göstərərək  medallar qazanıblar. 2018-ci ildə RSXM-nin futbol komandası AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatları komandalarının yarışdığı II Spartakiadanın qalibi olub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023