AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Qarabağın Etnik Məskunlaşma Tarixi və Toponimləri” kitabi çapdan çıxıb
May 31, 2023 | 14:50 Yeni nəşrlər

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  “Qarabağın etnik məskunlaşma tarixi və toponimləri” adlı yeni nəşri çapdan çıxıb. 

Əsər hələ 2005-ci ildə mərhum müəlliflər, toponimika sahəsində Azərbaycanın aparıcı mütəxəssisləri olan akademik Budaq Budaqov və  tarix elmləri doktoru Qiyasəddin  Qeybullayev tərəfindən hazırlanıb, lakin müəyyən səbəblərdən çap edilməyib. Kitabda da qeyd edildiyi kimi, “əsərin yazılması prosesində Q.Qeybullayevin qoyub getdiyi ədəbiyyat siyahısı tam deyil”.  Bu səbəbdən əsərdə istifadə olunan ədəbiyyat siyahısını tamamlamaq çox uzun bir vaxt və zəhmət tələb edib ki, bu işi c.e.d. Zakir Eminov öz üzərinə götürüb. 

Monoqrafiyanın redaktoru, İnstitutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktoru coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır. İki hissədən ibarət əsər 467 səhifədir. “Yuxarı Qarabağın etnik və siyasi tarixinə dair” adlanan I hissə eramızdan əvvəl və sonra Yuxarı Qarabağda məskunlaşmış  türk tayfaları, Qarabağın alban ərazisi olduğunu göstərən faktlar, Qədim erməni dilində türk mənşəli sözlər və Ermənilərin Yuxarı Qarabağda məskunlaşmasından bəhs edən 7 fəsildən, II hissə isə Qarabağın izahlı toponimiya lüğətindən ibarətdir.

Monoqrafiyada  Azərbaycanın tarixi-coğrafi cəhətdən ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi-etnik məskunlaşması və toponimikası məsələləri öyrənilir. Kitabda uzun tarixi dövrlərdə Qarabağda baş vermiş etnik proseslər, məskunlaşma və miqrasiya məsələləri işıqlandırılır. 

Kitab toponimika, əhali coğrafiyası, demoqrafiya, tarixi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrlər) və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023